 Topaz Premyer Liqasının 14-cü turunun “Neftçi” ilə
oyunundakı 3:1 hesablı qələbə “İnter”in baş məşqçisi Kaxaber Sxadadze üçün
əlamətdar olub. Gürcüstanlı mütəxəssis Azərbaycandakı fəaliyyəti dövründə
100-cü qələbəsini qazanıb.
2008-ci ildə “Standard”ın baş məşqçisi kimi ölkəmizdə
debüt edən Sxadadze iki paytaxt təmsilçisində baş məşqçiliyi dövründə 210-cu
oyununda 100-cü dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub. Bu qələbələrdən
89-u “İnter”, 11-i “Standard”da qeydə alınıb. İlk klubunda bütün qələbələrini
çempionatda qazanan mütəxəssis “İnter”də 68 dəfə Premyer liqa, 11 dəfə
Azərbaycan kuboku, 5 dəfə Birlik kuboku və 5 dəfə avrokuboklarda qələbə sevinci
yaşayıb. 7-ci mövsümündə 100-ə çatan çalışdırıcı ilk qələbəsini 2008-ci il
martın 16-da “Standard”ın “Bakı” ilə səfər oyununda qazanıb – 1:0.
|