 Topaz Premyer Liqasında noyabr ayının ən yaxşılarının mükafatlandırılması mərasimində iştirak edən "Azəridmanservis"in icraçı direktoru Azər Məhərrəmov fikirlərini bildirmişdir: “Gənclər və İdman Nazirliyi və Azəridmanservis adından hamınızı salamlayıram. Ənənəvi olaraq Topaz Premyer Liqasının ən yaxşılarını mükafatlandırmaq üçün bir yerə toplaşmışıq. Qaliblərin müəyyən olunmasında həm KİV nümayəndələri, həm də azarkeşlər aktiv iştirak edib. Azərbaycanda futbola olan maraq gündən-günə artır. Topaz-ın PFL-lə birgə layihəsini müsbət qarşılayırıq. Topaz-ın Azərbaycan futbolunu dəstəkləməsini yüksək qiymətləndiririk”. Tədbirdə iştirak edən Azerİnteltek şirkətinin rəhbəri Ahmet Sezer də mükafatlandırma mərasimində fikirlərini bildirmişdir: “Artıq bu ili tamamlayırıq, il çox sürətli keçdi. Ötən il xoş xatirələrlə yadda qalacaq. PFL-lə iki ildir ki, əməkdaşlıq edirik, qarşıdakı illərdə də bu əməkdaşlığı davam etdirməyi düşünürük. Bir neçə il öncə Azərbaycan klublarının Avrokuboklarda iştirakı xəyal kimi idi. Son illərdə isə həm klub səviyyəsində, həm də milli komandada nəzərəçarpacaq inkişaf var. Ölkə futboluna dəstək verdiyimiz üçün şadıq. İdmanla əlaqədar layihələrimizdə sürətlə çalışırıq. Topaz Premyer Liqasında ən yaxşıların mükafatlandırılmasında artıq 25000 manat pul mükafatı təqdim etmişik. Həm Vaqif Cavadovu, həm də Elnur Abdullayevi uğur qazanması münasibətilə təbrik edirəm. Premyer Liqanın yayım hüquqlarının hər hansı bir xarici şirkətə satılması barədə yayılan xəbər əsassızdır. PFL tərəfindən bununla bağlı açıqlama verilib, bizim tərəfimizdən də heç bir danışıqlar aparılmayıb. Azərbaycan futbolunda Berti Foqts, Mustafa Denizli kimi məşqçilər var. Futbola olan maraq gündən-günə artır. Yaxşı məşqçi yaxşı idmançılar yetişdirəcək. Azərbaycan futbolunun gələcəyinə nikbin baxıram. Hakimlərlə bağlı problem hər yerdə var. Milli hakimlərə üstünlük verilməsinin tərəfdarıyam. Futbolda xəta olmasa qol olmaz. Hakimlərin səhvləri də olur, amma düzgün qərarları da vurğulamaq lazımdır”. Tədbirdə iştirak edən PFL-in Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov da qaliblər haqqında fikirlərini bildirmişdir: “Ötən ayın ən yaxşı oyunçusu seçilmiş Vaqif Cavadovu, həm də ən gözəl qolun müəllifi Elnur Abdullayevi qalib seçilmələri ilə təbrik edirəm. Vaqif ötən ay, həm şərəfini qoruduğu “İnter” klubunda, həm də milli komandanın heyətində faydalı olub. Elnur Abdullayevin ifasında bu cür qolları bir neçə dəfə görmüşük. Hər iki futbolçuya gələcəkdə uğurlar arzulayıram”.
|