 Topaz Premyer Liqasının
18-ci turunda doğma meydanda “Bakı” ilə qarşılaşan “Qəbələ” rəqibini 2-0 hesabı
ilə məğlub edərək növbəti üç xalı aktivinə yazdı.
Milinko Pantiç, “Bakı”
klubunun baş məşqçisi: “Ədalətsiz məğlubiyyət oldu. Yaxşı oynadıq, topa nəzarət
etdik, çoxlu hücumlar təşkil etdik. Oyunda güclü tərəf biz olsaq da, sonda məğlub
olduq. Rəqib komandanın qapıçısı mükəmməl oyun göstərdi. Bu – futboldur, hər şey
ola bilər. Bizim komanda da qol vurmağa çətinlik çəkirdi, lakin müdafiədə asanlıqla
qollar buraxdıq. Hamını qarşıdan gələn bayram münasibəti ilə təbrik edirəm. Komandada
dəyişikliklərin olacağı aydın görünür. Səhvlərimiz, boşluqlarımız göz önündədir.
Boşluqları doldurmağa, yaxşı oyunçular transfer etməyə çalışacağam.
Qış fasiləsində oyunçuları komandaya cəlb etmək çətindir. Yollarımızı
ayıracağımız futbolçuların siyahısında həm yerli, həm də əcnəbi oyunçular olacaq”.
Yuri Syomin, “Qəbələ”
klubunun baş məşqçisi: “Öz oyunçularımı və klubun rəhbərliyini təbrik edirəm. Bəzi
hallarda oyunumuz yaxşı alınmırdı. Əsas olan komandamın ürəkdən oynaması idi.
Bu gün biz güclü komandaya qalib gəldik. “Bakı” ötən tur “Qarabağ”ı məğlub etmişdi.
Son turdakı məğlubiyyətdən sonra qələbə qazandıq. Oyunu iki fərqli hissəyə bölmək
olar. Birinci hissədə qol vurana qədər üstünlük bizdə idi. Qol vurduqdan sonra isə
əks-hücum taktikası ilə oynadıq”.
|