 Topaz Premyer Liqasının 18-ci turunda AZAL doğma meydanda “Neftçi”
ilə qarşılaşdı. Rəqibinə 0-2 hesabı ilə məğlub olan “Neftçi” qış fasiləsinə
lider kimi getmək imkanını əldən verdi.
Vaqif Sadıqov, AZAL klubunun baş məşqçisi: “Tarixi qələbə
qazandıq. “Neftçi”yə qarşı uğurlu nəticələrimiz yox idi. İkinci dəfədir ki,
komanda oyuna fərqli taktika ilə çıxır. “Simurq”la oyunda ağır məğlubiyyət
aldıq. Bugünkü oyunda isə rəqibə təzyiq etdik, üstün cəhətlərini göstərməyə
imkan vermədik. Cinahları dəyişməklə qələbə qolunu vurmaq istəyirdik. Oyunun
sonlarına yaxın bunu Şemonayev həyata keçirdi. Azarkeşlərimizi qələbə ilə təbrik
edirəm. AZAL-da komanda ruhu var, qələbəyə köklənmişdik, rəqibdən çəkinmədik. Qış
fasiləsində çatışmazlıqlar üzərində işləyəcəyik. Çempionatda zəif rəqib yoxdur,
çempionatın inkişafı göz qabağındadır. İnanıram ki, gələcəkdə AZAL-dan da milli
komandaya futbolçular dəvət olunacaq. Yaşıl meydanlardan kənarda həmişə “Neftçi”yə
azarkeşlik edirəm, AZAL-ın baş məşqçisi kimi isə komandamın qələbəsi üçün
çalışıram. Hakimin verdiyi qırmızı vərəqələri haqlı sayıram. Bu heyətimizi qoruyub
saxlamağa çalışacağıq”.
Nazim Süleymanov, “Neftçi” klubunun baş məşqçisi: “Nəticə məni
qane etmir, hakimlər haqqında danışmağa məcburam. Oyunda üstün oynadıq, lakin qısa
zamanda futbolçularımıza göstərilmiş iki qırmızı vərəqə oyunu “sındırdı”. Futbolçular
hisslərinə hakim olmalıdır. Nəticə tarixdə qalacaq. Artıq irəliyə baxmalıyıq, qarşıda
18 oyunumuz var. Bizim çempion olmağımızı istəməyən varsa, desin, rəhbərliklə
danışaq. Rəqib qapıçıya cərimə meydançasından kənarda əl ilə oynadığı üçün qırmızı
vərəqə verilməli idi. Bir nəfərin səhvindən vurulan qol bütün komandaya təsir
edir. Futbolçular daha diqqətli oynamalıdır. “Neftçi” bu oyunda məğlub olmadı,
məğlub etdilər. Hər bir məşqçiyə zaman lazımdır”.
|