 Topaz Premyer Liqasının 2013/14 mövsümündə 200-cü
qol vurulub. Yubiley topunun müəllifi AZAL-ın oyunçusu Con Oluremi olub. 18-ci
turun “Neftçi” ilə ev oyununda hesabı açan futbolçu mövsümün 200-cü qolunu
vurub.
Belə ki, ilin son turu ərəfəsində çempionatın 85
qarşılaşmasında 196 qol vurulmuşdu. Son oyun gününün 4-cü qolu yubiley
xarakteri daşımalı idi. “Neftçi” ilə görüşün 19-cu dəqiqəsində fərqlənən Con da
bu yubiley qolunun müəllifi adını qazanıb.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 12-də
“Qəbələ” ilə ev oyununda “Bakı”nın litvalı legioneri Mindauqas Kalonas
vurmuşdu. 100-cü qol isə AZAL-ın oyunçusu Qərib İbrahimovun hesabındadır. Conun
komanda yoldaşı 9-cu turun “Simurq”la ev oyununda hesabı açmaqla fərqlənmişdi.
Başa çatan ilk 2 dövrədə isə ümumilikdə 213 qol
qeydə alınıb. Baş tutan 90 qarşılaşmada orta məhsuldarlıq 2,37-yə bərabər olub.
1-ci dövrənin 45 matçında bu rəqəm 2,33-ə, 2-ci dövrədə isə 2,40-a bərabərdir.
Dövrələr üzrə müvafiq olaraq 105 və 108 top vurulub.
|