 Topaz Premyer
Liqasının 20-ci turuna “Böyük oyun”la yekun vuruldu. Dramatik məcrada keçən “Xəzər
Lənkəran” – “Neftçi” oyunu 2-2 hesablı heç-heçə ilə başa çatdı.
Böyükağa Hacıyev, “Neftçi”
klubunun baş məşqçisi: “Oyun haqqında şərh vermək istəmirəm. Hakimin əlində
ixtiyar olsaydı 11 futbolçumun hamısını oyundan çıxarardı. Təəssüflər olsun ki,
bu, “böyük oyun” olmadı. Tarixə keçən adi çempionat oyunu oldu. Hesabda 2-0 irəlidə
idik, son 10-15 dəqiqədə isə 2 qol buraxdıq. Rəhim Həsənov bu 10-15 dəqiqədə fövqəladə
hakimlik etdi. Onun ömrü boyu “Neftçi” ilə problemi olub, bu, birinci hal deyil.
Nə edirsə, özü bilər. Onun hakimliyini araşdırmaq Hakimlər Komitəsinin sədri Xaqani
Məmmədovun işidir. Oyun maraqlı da deyildi, adi oyun idi. Təəssüflənirəm ki, 3
xalımızı Rəhim Həsənov əlimizdən aldı”.
Mustafa Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi:
“Bugünkü oyunda 2 xal itirdik və ya 1 xal qazandıq demək çətindir. Rəqibə qol
imkanı vermədən hesabda iki top geriyə düşdük. Oyunun ilk bölümündə “Neftçi”nin
bizdən daha yaxşı oynadığını demək səhv olmazdı. İlk dəfə idi “Neftçi”yə qarşı
oynayırdım. İstənilən halda “Neftçi” kimi komanda ilə oyunda 0-2 hesabı ilə
geridə olsaq da, heç-heçə etdik. İkinci hissədə rəqib qapıçısı ilə təkbətək
epizodlarımız oldu. Bir qol vurmaq bizim üçün çox vacib idi. Son yarım saatı da
üstün oynadıq. Ümumilikdə isə bu oyun “Neftçi”yə məğlub olmamaq üçün kifayət etdi.
Azarkeşlərimiz üçün maraqlı oyun oldu. “Neftçi” bizdən daha sakit oynadı, daha
ağıllı ötürmələr verdi, bunu qəbul etmək lazımdır. 0-2 dən sonra məğlub olmamaq
bizim üçün bir təsəlli oldu. Rəqiblərlə xal fərqini qoruduq. İkinci dövrəyə çox
geridən başladıq, irəli qrupda gedən komandalara çatmağımız lazımdır. Bunu nə qədər
bacara biləcəyimizi deyə bilmərəm. Oyunun
bəzi hissələrində yaxşı oynadıq. Azarkeşlərimiz komandanın mübarizəsini
gördü, onlara məğlubiyyət acısı yaşatmadığımız üçün şadam. Dumana görə hakimin göstərdiyi
qırmızı vərəqələri, hətta öz komandamın hücumlarını görə bilmədim. Fikrimcə, həyəcanlı
bir futbol günü idi”.



























|