 Topaz Premyer Liqasında mövsümün 6-cı avtoqolu
qeydə alınıb. “Xəzər Lənkəran”la “Neftçi” arasında keçirilmiş matçda ilk top braziliyalı
Tieqo de Xesusun avtoqolu sayəsində qeydə alınıb. Lənkəran təmsilçisinin cənubi
amerikalı futbolçusu 2:2 hesabı ilə başa çatan görüşdə erkən qolla rəqib
komandanı sevindirib.
Tieqo
mövsümdə ilk, çempionatlar tarixində 15-ci futbolçu oldu ki, “Neftçi” ilə
oyunda öz qapısına qol vurdu. Paytaxt təmsilçisi isə biri cari mövsümdə olmaqla,
ümumilikdə 10 dəfə avtoqola üzülüb.
İndiyədək
5 dəfə rəqib avtoqoluna sevinən “Xəzər Lənkəran” nəinki cari mövsümdə,
ümumiyyətlə Premyer Liqa tarixində ilk dəfə öz qapısına qol vurulmasının
acısını yaşadı. Bu matçadək “Xəzər Lənkəran”ın heç bir üzvü çempionatda öz
qapısına qol vurmamışdı.
“Böyük
oyun”lar tarixində isə 2-ci avtoqol qeydə alındı. İlk belə uğursuz “Neftçi”də
oynadığı vaxt öz qapısına qol vuran Ruslan Abışov olmuşdu.
Qeyd edək ki, mövsümün ilk 19 turunda 5 avtoqol
qeydə alınmışdı. “Sumqayıt”ın futbolçuları Adil İbrahimov “İnter”, Anar Nəzirov
“Qarabağ”, “Neftçi”nin legioneri Erik Ramos “Bakı”, “Qəbələ”nin oyunçusu Amit
Quluzadə “Simurq”, “Bakı”nın ispaniyalısı Mario Alvares “Sumqayıt”la oyunda öz
qapısına qol vurmuşdu.
|