 Topaz Premyer Liqasının 23-cü turu heç-heçələrin
çoxluğu ilə əlamətdar olub. Baş tutan 5 qarşılaşmadan dördündə bərabərlik qeydə
alınıb. Yalnız “Sumqayıt”la “Neftçi”nin matçında 2 cavabsız qol vuran meydan
sahibləri qalib gəlib.
Cari mövsümdə ikinci dəfə eyni turda 4 heç-heçə
qeydə alınıb. “Neftçi”nin “Bakı”nı 2:1 hesabı ilə məğlub etdiyi 13-cü turda da
1 qarşılaşmada meydan sahibləri üstün olmuş, 4 görüşdə “sülh” qeydə alınmışdı.
2004-2014-cü illərə təsadüf edən son 10 mövsümdə isə
7 dəfə turda yalnız bir matçda qalib müəyyənləşib, digərləri bərabərliklə
nəticələnib. 2005/06 mövsümündə 11-ci, 2009/10 mövsümündə 21-ci, 25-ci və 29-cu,
2012/13 mövsümündə isə ilk turda yalnız 1 komanda 3 xal əldə etmişdi. İlk belə
hadisə zamanı 7, növbəti 3 halda 6, son 3 heç-heçəli turda isə 5 görüş
keçirilib.
|