 Azərbaycan
kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Araz Naxçıvan”
doğma meydanda “Xəzər Lənkəran”la qarşılaşdı. Dramatik məcrada keçən oyun 1-1
hesablı bərabərliklə başa çatdı.
Mustafa
Denizli, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Kubok oyunlarında hədəf fərqli
olur. Səfərdə oynadığımız ilk oyuna görə nəticə yaxşı sayıla bilər. Rəqibimiz I
Divizionun ən güclü komandasıdır, bir çox Premyer Liqa klubları ilə eyni gücdədir.
Yaxşı oyun oldu, qol epizodları oldu. İlk hissədə 11 metrlik cərimə zərbəsindən
istifadə edə bilsəydik başqa cür ola bilərdi. Hər halda yarımfinala vəsiqəni ev
oyununda həll edəcəyimizə inanıram. Hakimlə bağlı heç nə demirəm. Hakimlər də səhv
edə bilər. Epizodları çox yaxşı izləmədən nəsə demək düzgün deyil. Oyun qaydalarını
yaxşı bilirəm, amma 20 ildir ki, hakimliklə bağlı heç nə danışmıram. Həmişə
hakimlərə dəstək olmağa çalışmışam, həm lehimizə, həm də əleyhimizə səhvlər ola
bilər. Hakim haqqında düşüncələr bizim üçün ikinci plandadır. Kubokda yolumuzu
davam etdirəcəyik. Sürpriz nəticə olmaması üçün cavab oyununda var gücümüzlə
oynayacağıq”.
Əsgər
Abdullayev, “Araz Naxçıvan” klubunun baş məşqçisi: “Rəqibin güclü olduğunu
bilirdik. Premyer Liqada öz sözünü demiş, köklü komandadır. Səkkiz ay yarımlıq
komanda ilə müqavimət göstərməyə çalışdıq. Qalib gəlmək istəyirdik, amma
alınmadı. Lənkərandakı oyun da asan olmayacaq. Rəqib çox güclüdür. Şansımız az olsa da, dəyərləndirməyə çalışacağıq. Heyət seçimində səhv etdiyimi düşünmürəm. Hakimdə dəqiqlik, dürüstlük çatışmırdı, bəzi epizodlarda səhv etdiyini düşünürəm. Qapıçımız bu gün yaxşı oynadı, onun gələcəyinə inanıram”.
|