 Azərbaycan kubokunun son
yarımfinalçısı müəyyənləşib. Doğma meydanda “İnter”lə qolsuz heç-heçə edən “Neftçi”
səfər oyununda vurduğu qol sayəsində növbəti mərhələyə adlayıb. “Ağ-qaralar” finala
yüksəlmək uğrunda “Rəvan”la mübarizə aparacaq.
Kaxaber Sxadadze, “İnter”
klubunun baş məşqçisi: “Oyun yaxşı keçdi. Təəssüf ki, qol vura bilmədik. İki
oyunun nəticəsinə görə məğlub olduq. İlk oyunda “Neftçi”nin qapısına 12 zərbə
endirdik, ondan biri qol oldu. Bu gün isə o qədər qol imkanımız olmadı”.
Böyükağa Hacıyev, “Neftçi”
klubunun baş məşqçisi: “Çox gərgin oyun alındı. Qarşımıza qoyduğumuz məqsədə nail
olduq, növbəti mərhələyə keçdik. 65-ci dəqiqədən sonrakı əvəzetmələr buna xidmət
edirdi. Denis Silva sırf dayaq yarımmüdafiəçisi kimi oynadı, bunun bəhrəsini
gördük. Qol imkanlarından istifadə etsə idik, oyundan qələbə ilə ayrılardıq. Rəşad
Sadiqov istirahət edir. Futboldan bir az istirahət etməsi üçün ona icazə verilib. Qarşıdakı oyunlarda
bizə kömək etməlidir. Bizdə uzunmüddətli istirahət olmur. Bütün rəqiblərimizə hörmətlə
yanaşırıq, Topaz Premyer Liqasında zəif komanda yoxdur. Bütün komandalar “Neftçi”yə
qarşı xüsusi istəklə oynayır. Qarşıda “Rəvan”la oyunumuz var, ciddi
hazırlaşacağıq. Hücumda kifayət qədər güclü futbolçularımız var. Bu oyunda əsas məqsədimiz
qol buraxmamaq idi. Məqsəd İsayev Mahir Şükürovun mövqeyində xoş təsir bağışladı.
Mən gənc futbolçuları əsas heyətə düşünmədən qoyuram. Çünki, futbolçularımın nəyə
qadir olduğunu yaxşı bilirəm. Çempionluq şansımızı hələ itirməmişik. Kubokun finalına çıxsaq, rəqibin kimliyi fərq etməz. Çalışacağıq ki, bir daha ölkə kubokunu qazanaq. Mənim üçün bütün komandalar eynidir”.
|