 Topaz Premyer Liqasının 27-ci turunda “Rəvan” “Bayıl Arena”da “Neftçi”ni
qəbul etdi. Azərbaycan kubokunun 1/2 finalında da mübarizə aparacaq
komandaların bu dəfəki duelindən “ağ-qaralar” qalib ayrıldı – 1:0.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Hər iki hissədə rəqib
qapısına hücumlar təşkil etdik. Lakin cəmi 1 qol vura bildik. 1-0 “sürüşkən”
hesabdır, oyunun sonlarında hər şey ola bilərdi. “Rəvan” son kubok oyununda “Bakı”ya
qalib gəldiyi üçün daha istəkli idi. Bu səbəbdən də oyunun gərgin keçəcəyini
bilirdim. Vacib 3 xalı qazandıq. Cavid İmamvediyev əvvəlki oyunlara nisbətən
daha çox nəzərə çarpırdı. Potensialı daha yaxşı oynamağa imkan verir. Bahodır
Nasimov əzələsini dartdı, tibbi müayinədən sonra dəqiq diaqnozu bilinəcək. Rəşad
Sadiqov əvəzedici komandada oynamağa başlayıb, aldığım məlumata görə, yaxşı
oynayır. İnanıram ki, sıralarımıza qayıdacaq. Amma “Xəzər Lənkəran”la oyunda
heyətdə olacağı gözlənilmir”.
Güvenc Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Üç gün öncə 120 dəqiqə
futbol oynadıq. Buna baxmayaraq, komanda yorğun deyildi. Fikrimcə, bu gün daha
yaxşı oynadıq. Həftədə iki oyun oynayanda bəhanə axtarmamalıyıq. Komanda məğlub
olsa da, futbolçularımı mübarizə əzminə görə təbrik edirəm. Artıq neçənci dəfədir
ki, futbolçumuza qırmızı vərəqə göstərilir. Rəqib futbolçuların eyni hərəkətini
isə hakim cəzalandırmır. Rəqibin cərimə meydançasına yaxın yerdə oyunçumuza
qarşı qayda pozuntusu olur, hakim qol olar deyə cərimə zərbəsini təyin etmir.
Kubok oyununa daha təcrübəli hakimin təyinat alacağına ümid edirəm. İlk qol
vurulmamışdan öncə oyunçumuza qarşı qayda pozuntusu var idi. Rəqibin 32 nömrəli
futbolçusu bizim oyunçudan öncə qırmızı vərəqə almalı idi. Qarşıda kubok
oyunumuz olduğu üçün bəzi şeyləri gizli saxladıq”.
|