 Topaz Premyer Liqasının 29-cu turunda “Neftçi” paytaxt derbisində “Bakı”nı qəbul etdi və Ernest Nforun tək qolu ilə rəqibini məğlub etdi - 1:0. Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Oyundan sonra deməyə söz tapmıram. Yetirmələrim
yaxşı oynadı. Bəzi epizodlarda hakim düzgün qərarlar vermədi. İlk hissədə hakim
oyunu yaxşı idarə etdi, lakin ikinci hissədə tam əksi oldu. Sanki Flavinyoya göstərilən
sarı vərəqədən sonra hakimlik bizə qarşı oldu. Çətin oyuna hazır idik. “Barselona”nın
belə burada xal qazanması çətindir. Məğlubiyyət üzücü olsa da, heç bir
futbolçumun zədələnməməsinə, sarı vərəqə limitini doldurmamasına sevinirəm. Tam
heyətlə növbəti oyuna hazırlaşacağıq. “Qarabağ” burada dörd qol vurubsa “Barselona”dan
daha güclü ola bilər. Komandam rəqibdən üstün oynadı. İlk hissədə 11 metrlik cərimə
zərbəsi var idi, hakim vermədi. Marius Pena bir neçə imkandan istifadə edə bilmədi,
olanımız budur. Aparıcı oyunçularımız bu oyunda iştirak etmirdi. Əfran İsmayılov
tam hazır olduğu üçün əsas heyətdə meydana çıxmışdı, yaxşı oynadı. Bəlkə də
onun yerinə Junioru oynatmalıydım. Bu halda isə meydana 3 yerli futbolçu ilə
çıxmalı idim”.
Böyükağa Hacıyev, “Neftçi” klubunun baş məşqçisi:
“Öz oyunumuzu oynadıq, bir qolla vacib 3 xalı qazandıq. İki hissədə də hücumda
oynadıq. Son vuruş lazım idi, onu da yekunda bacardıq. “Bakı” izləyicilərimizdən
biri idi, aramızdakı xal fərqini artırmalı idik. “Simurq” da “İnter”ə məğlub
oldu. Bunu belə də gözləyirdik. Gələn oyun “İnter”lə qarşılaşırıq. Bir günlük
istirahətdən sonra hazırlığı bərpa edəcəyik. Pantiç səmimi insandır, heç kim öz
ayranına turş deməz. Biz oyun boyu üstün oynadıq, qol gec oldu. Son dəqiqələrdə
Nfora olunan hərəkət qırmızı vərəqə idi. Hakim də insandır, hər səhvə görə
günahlandırmaq olmaz. Nfor qoldan sonra daha bir epziodu əldən verdi, daha doğrusu
Aqil Məmmədov komandasını xilas etdi”.
|