 Topaz Premyer Liqasının
34-cü turunda “Qəbələ” doğma meydanda “Bakı” ilə qarşılaşdı. Rəqibini 3-1
hesabı ilə məğlub edən “Qəbələ” Avropa Liqasına vəsiqəni təmin etdi.
Milinko Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Ədalətli nəticə oldu. Rəqib
qapısı ağzında çoxlu qol epizodları yaratsaq da, onları qola çevirə bilmədik. Cəmi
bir dəfə fərqlənə bildik. Rəqib isə qapımıza üç dəfə gəldi və hamısında qol
vurdu. “Qəbələ”nin heyətində yüksək ustalıq səviyyəsi olan futbolçular var.
Bizdən daha üstün oynayıb qələbə qazandılar. Topa sahib olmada üstün idik. Heyətdə
müəyyən itkilərin olması da oyunumuza təsir etdi. “Qəbələ”ni Avropa Liqasına vəsiqə
qazanması ilə təbrik edirəm, uğurlar arzulayıram. Rauf Əliyev və Cavid zədədən
sonra tam bərpa olmadıqları üçün bu gün Qəbələyə gətirilməyiblər. İlk növbədə
futbolçuların sağlamlığını düşünürəm, onları riskə atmaq istəmədim”.
Yuri Syomin, “Qəbələ”
klubunun baş məşqçisi: “Fikrimcə, ilk hissədə çox yaxşı oynadıq, iki top fərqi
ilə irəli çıxdıq. İkinci hissədə isə futbolçular niyəsə hesabı qorumağa
çalışırdılar. Buna görə keyfiyyətli oyun göstərə bilmədi. Bütün deyilənlərə
baxmayaraq, komanda qarşısına qoyulan məqsədə çatdı, Avropa Liqasına vəsiqə
qazandı. Qarşıda daha iki oyunumuz var. Kubokun finalına da hazırlaşacağıq.
Futbolçuları və klub rəhbərliyini bu uğurla təbrik edirəm. Möcüzə olmur. Birdən-birə yaxşı nəticə qazanmaq olmur. Müəyyən səhvlər olurdu, ona görə alınmırdı.
Zirvədə olan komandalar mövsüm boyu daha yaxşı oynayırdı, heyətləri daha stabil
idi. Ötən illə müqayisədə 10 yeni futbolçumuz var. Bu cür heyət dəyişikliyi ilə
ilk ildə çempion olan komanda tanımıram”.
|