 Topaz Premyer Liqasının
34-cü turunda “Qarabağ” öz meydanında “İnter”i qəbul etdi. Ən yaxın izləyicisini
4-1 hesabı ilə məğlub edən Ağdam təmsilçisi mövsümün sonuna iki tur qalmış
çempionluğunu rəsmiləşdirdi.
Kaxaber Sxadadze, “İnter”
klubunun baş məşqçisi: “”Qarabağ”ı çempion olması münasibəti ilə təbrik edirəm.
Mövsümü yaxşı keçirdilər, çempionluğa layiq idilər. Çoxlu qol epizodları oldu.
Hesab 2-1 olduqdan sonra oyuna intriqa qayıtdı. “Qarabağ”ın üçüncü qolu isə həlledici
oldu. Mövsümün əvvəlində iddialılar sırasında olsaq da, ilk 6 turdan sonra bizi
ciddi qəbul etmirdilər. İkinci yer bizim üçün böyük uğur sayılacaq. Qarşıda
bizi iki vacib oyun gözləyir, çalışmalıyıq ki, mövsümü ikinci pillədə başa
vuraq. Artıq 5 mövsümdür ki, burada işləyirəm. Ölkə kubokundan başqa bütün
titulları qazanmışam. Yaxşı komanda yaratmışıq. Buradan getməyim, bəlkə də,
düzgün olmazdı. Amma indidən gedib-getməyəcəyimi dəqiq deyə bilmərəm. Hakimlik
bir şey yox idi, “Qarabağ” bu mövsüm bizi 4 dəfə məğlub edib. Bizim 7 oyunluq qələbə
seriyamız var idi. Obyektiv olmaq lazımdır”.
Qurban Qurbanov, “Qarabağ”
klubunun baş məşqçisi: “Çoxdan bu cür qələbə qazanmaq istəyirdik. Həm baxımlı
oyun oldu, həm də çempion olduq. Hamını bu münasibətlə təbrik edirəm. Bu oyunda
hər şey var idi, qollar, yüksək sürət, qol epizodları. “İnter” də çempionluğa
layiq komandadır, mövsümü yaxşı keçirdilər. Kaxaber Sxadadzeni işini həmişə
qiymətləndirmişəm. Yaxşı komandası, futbol biliyi var. Rəhbərliyimizə təşəkkür
edirəm, komandanı yuxarı pillələrdə görmək üçün hər şey ediblər. Mükəmməl
mövsüm keçirdik. Bundan sonra daima bu yerlər uğrunda mübarizə aparmalıyıq. Heyətimizdə
Rəşad Sadıqovdan başqa çempion olan futbolçumuz yoxdur. Bundan sonra Çempionlar
Liqası haqqında düşünmək olar. Növbəti oyunlarda bəzi futbolçulara istirahət verib,
gənc futbolçulara şans verəcəm. Bizim çempionat asan deyil. Daha çox istəkli
idik, çox çalışırdıq, ona görə də çempion olduq”.
|