 "Simurq" klubu Avstriyadakı hazırlıqları davam etdirir. Klubdan verilən məlumata görə, artıq gündə iki dəfə olmaqla məşqlərə başlayan Zaqatala təmsilçisi səhər idmanında yüngül fiziki təlimdən sonra taktiki və texniki tapşırıqlar üzərində işləyib. Baş məşqçi Georgi Çixradze axşam məşqində də əsasən üstünlüyü taktiki təlimə verib. Yetirmələrinə müxtəlif tapşırıqlar verən gürcü mütəxəssis sonda ikitərəfli oyunla bu günlük məşqləri tamamlayıb.
"Simurq"un düşərgəsinə bir neçə yeni futbolçu qoşulub. Baxışa dəvət olununanlardan xorvat yarımmüdafiəçi Stjepan Poljak, boşnak müdafiəçi Dilaver Zrnanoviç, sloven mərkəz müdafiəçisi Milan Andelkoviç və slovak qapıçı Darko Brljak bu gün komanda ilə məşqlərə başlayıb. Onların komandada qalıb-qalmaması ilə bağlı son qərarı yoldaşlıq görüşlərindən sonra baş məşqçi Georgi Çixradze verəcək.
|