 Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları keçirildi. Bu mərhələdə mübarizə aparan “İnter”, “Qəbələ” və “Zirə” fərqli nəticələrə imza atdılar. Mübarizənin ilk günündə meydançaya çıxan “İnter” Lüksemburqun “Fola” komandasına qalib gəldi – 1:0. İlk oyunu qalib başa vuran paytaxt komandası səfər oyunu eləcə də 3-cü mərhələ üçün yaxşı şans qazandı. Mübarizəyə ikinci mərhələdən başlayan “Qəbələ” isə “Bakcell Arena”da Polşa təmsilçisi “Yagelloniya” ilə üz-üzə gəldi və qollu heç-heçəyə razılaşdı. Ötən mövsümlə müqayisədə heyətində ciddi dəyişikliklər edən “Qəbələ” hesabda geri düşməsinə baxmayaraq, ikinci hissənin əvvəlində bərabərlik qolunu vura bildi. Avropa Liqasındakı debüt ilində ilk mərhələni uğurla başa vuran “Zirə” isə ikinci mərhələdə Rumıniyanın öndəgələn “Astra” klubu ilə üz-üzə gəldi. Matç təmsilçimizin 1-3 hesablı məğlubiyyəti ilə yekunlaşdı. Qeyd edək ki, mərhələnin cavab görüşləri gələn həftə reallaşacaq. Qeyd: Fotolar “Qəbələ” – “Yagelloniya” oyunundandır.
|